Uğur nədir və bəhs edildiyi qədər vacibmidir? Bizə görə deyil



Sosial media postlarında uğur və uğurlu olmağa təşviq edən motivasiya postları ilə qarşılaşmısınız?


Həyatımızın hər dövründə uğurlu olmaq üçün çalışmışıq; sinifdə uğurlu olmaq, küçədə futbol oynayarkən uğurlu olmaq, üniversitetdə uğurlu olmaq, iş və ailə həyatında uğurlu olmaq. Hətta aldığımız ləvazimat keyfiyyətli çıxanda uğurlu olmuş kimi hiss edirik. Bəs niyə bu qədər uğurlu olmaq istəyirik? Uğurlu olmaq müasir dövrün bizə öyrətdiyi yeni bir şeydir ya həmişə var olub?


Bu sualları cavablamaq üçün tarixə nəzər salsaq uğurlu olmağın dini kitablarda da yer aldığını, qurulan və genişləyən dövlətlərdə, imeratorluqlarda da var olduğuna şahid oluruq.


Uğurlu olmaq istəyirik çünki bunun nəticəsində xoşbəxt olacağımıza inanırıq. Bəlkə çoxumuz bunun şuurunda belə deyilik.


Uğur hər kəsə görə dəyişiklik göstərsə dövrümüzün uğur anlayışı təhsil, ailə və iş sahələrini daha çox əhatə edir. Unutduğumuz çox vacib bir məqam var ki, uğurlu olmaq bir məqsəd ola bilməz ancaq bir nəticə ola bilər.


Biznes dünyasına nəzər salsaq hər sahibkar bir iş quranda uğursuz olmaq qorxusu yaşayır. Qorxu isə irəliləyişin düşmanıdır. Unutmamaq lazımdır ki, əgər faydalısınızsa demək ki, uğurlusunuz. Uğura aparan yol faydalı olmaqdır. Winston Churchillin dediyi kimi “Uğurlu olmaq bir son deyil, uğursuzluq qalıcı deyil. Əsil vacib olan davam etmək cəsarətidir.”


Təşəbbüskarlıq başqa sözlə sahibkarlıq-girişimçilik dövründə ortaya çıxan start up-lara nəzər yetirəndə görmək olur ki, ən uğurlu bizneslər ən faydalı olanlardır. Faydalı olmaq konseptini ələ alanda isə hər situasiya üçün dəyişən bir nəzəriyyə ilə qarşılaşırıq. Pandemiya dövründə faydalı olmaq ilə normal adlandıra biləcəyimiz  dövrdə faydalı olmaq çox fərqlidir. COVID 19-un yayılması səbəbi ilə bəzi şirkətlər daha da dəyərləndi və bir çoxu da əks aqibət ilə üzləşdi. Netflix pandemiyanın ən çox qazanan şirkətlərindən biri olduğu halda Airbnb ən çox zərər çəkənlərdən biri oldu. Uğur və uğursuzluq bir virusun belə dəyişdirə biləcəyi bir vəziyyətdir. Faydalı olmaq isə kimə və nəyə faydalı olmağından asılı olmayaraq uğur ilə nəticələnir. Məqsəd faydalı olmaq isə nəticə uğurlu olmaqdır.


Silikon vadisi investorlarından Andreessen Horowitz yeni məzunlar üçün çıxışında qeyd edir ki, bir iş seçərkən izləməli olduğunuz həvəsiniz deyil faydalılıqdır. Yəni həvəsli olduğunuz iş ancaq hər hansı bir fayda ortaya çıxaranda doğru seçim halına gəlir. Amerikalı Antropologist Margaret Mead isə uğuru necə ölçdüyü barədə soruşulanda belə cavab verir: “Etiraf etməliyəm ki, şəxsən mən uğuru bir insanın digər insanlara nə qədər faydalı olduğuna baxaraq ölçürəm.” Bu sadəcə Margaret Meadin deyil eyni zamanda da sərbəst və qismən sərbəst  iqtisadiyyatlarda biznes dünyasının da işləyən qanunudur.


İndi bu qanunu nəzərə alaraq işlədiyiniz vəzifəni və biznesinizi faydalılıq güzgüsündə izləyin. İşlədiyiniz şirkətin bazarda faydalılıq dəyəri necədirsə karyera olaraq o qədər inkişaf etməyiniz mümkündür. Yaşadığınız ölkənin dünya iqtisadiyyatına və ictimaiyyətinə faydası nə qədərdirsə o ölkənin ortalama insanları da o qədər faydalı işlə məşğuldur deməkdir. Bu siyahını daha da uzatmaq mümkündür...


Günümüzün “Superman”ləri isə insanlığa faydalı olan bizneslərdir. Pandemiya dövrünün supermanləri isə tibb işçiləri və sosial həyatın davam etməsini gerçəkləşdirənlərdir.


Faydalı qalın.





Qeyd: Bu məqalənin və bütün məqalələrimizin paylaşılması halında mətnin linkinin qeydi məcburidir.