Türkiyə vətəndaşları üçün vizanın ləğvi iqtisadiyyatımıza necə təsir edəcək?

02.08.2019

Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin ləğv olunması yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətli inkişafına dəstək olacaq. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili Azərbaycanın Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsinin ölkəyə iqtisadi baxımdan təsirini şərh edərkən deyib. 

Deputat hesab edir ki, viza rejiminin ləğvi Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayını artıracaq:

 

“Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. Bu gün prezident İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir. 2019-cu ilin 6 ayı ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsi 35% artıb. Azərbaycanın Türkiyəyə ixracı isə 2 dəfəyə yaxın artıb. Həm xarici ticarət dövriyyəsində, həm də Azərbaycanın ixracında Türkiyə 2-ci ölkədir. 

 

Digər tərəfdən, 2020-ci ildə Azərbaycanın Türkiyəyə yatırdığı xarici investisiyanın həcmi 20 mlrd. dollara çatacaq ki, hazırda da Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Türkiyə şirkətlərinin də Azərbaycan iqtisadiyyatına yatırımları 14 mlrd. dolları keçməkdədir. Bu rəqəmlər və eyni zamanda birgə həyata keçirilən enerji, nəqliyyat layihələri hər iki ölkənin iqtisadiyyatının getdikcə daha çox inteqrasiya olunduğunu deməyə imkan verir. Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin ləğv olunması yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaq. 

Ümumiyyətlə, təcrübə göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın da sürətli hərəkətinə təkan verir, bu isə öz növbəsində iqtisadiyyatın dinamik inkişafını təmin edir”.

Digər tərəfdən, 2019-cu ilin 6 ayının yekunlarına görə, Azərbaycana səfər edən turistlərin sayının 12%-ni Türkiyə vətəndaşları təşkil edir. Azərbaycanın turizm potensialı getdikcə artır, ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının sayı çoxalır. 

Düşünürəm ki, viza rejiminin ləğvi Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək”.

Tahir Mirkişili onu da qeyd edib ki, ümumilikdə, Azərbaycanın dövlət idarəetməsində çevik məlumat bazalarının formalaşması və müasir texnologiyaların tətbiqi həm viza sistemlərinin asanlaşdırılmasına, həm də bir çox ölkələr üçün vizasız gediş-gəliş sisteminin tətbiqinə imkan yaratmaqla yanaşı, milli təhlükəsizliyin də qorunmasına imkan yaradır.

Xəbərin qaynağı: oxu.az

Все новости